Beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı hafta.az-a növbəti müsahibəsində ABŞ-Türkiyə-Qətər-Misir sammitindəki sülh sazişindən sonra Qəzzada atəşkəsin pozulması barədə fikirlərini bölüşüb. O, həmçinin Donald Trampın rəhbərliyi altında imzalanan atəşkəs sazişinin gələcək nəticələri ilə bağlı proqnozlar verib və bu sazişin tərəflər arasında birbaşa imzalanmamasının potensial təsirlərini şərh edib. Bundan əlavə, siyasi şərhçi Budapeştdə gözlənilən Tramp-Putin görüşü və Ukraynadakı müharibə ilə bağlı gözləntilərə də münasibət bildirib. Həmçinin Estoniya üzərindəki gərginlik və bu vəziyyətin NATO ilə əlaqəli potensial təsirləri haqqında da düşüncələrini paylaşıb. O, Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin yaxın müddətdə imzalanmasının çətin olduğunu, lakin bu prosesin mərhələli şəkildə irəliləyəcəyini qeyd edib. Eyni zamanda, analitik Zəngəzur yolunun açılması və TRİPP layihəsinin reallaşmasının sülh müqaviləsi ilə paralel inkişaf edəcəyini və 2028-ci ilə qədər gerçəkləşə biləcəyini vurğulayıb.
– Oktyabrın 13-də Türkiyə, Qətər, ABŞ və Misir liderləri tərəfindən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Qəzzada atəşkəslə bağlı yekun sazişinin imzalanmasından bir həftə ötməmiş, atəşkəs pozuldu. Bəs bundan sonra nə baş verəcək? Sizcə, növbəti gərginlik ABŞ Prezidenti Donald Trampın böyük təmtəraqla imzalanmasını təşkil etdiyi həmin sazişin tərəflər arasında birbaşa imzalanmamasının nəticəsi deyilmi?
– Misirdə Qəzza ilə bağlı imzalanmış sənəd, əslində, ABŞ, Türkiyə, Misir və Qətərin atəşkəslə bağlı bəyanatıdır. Oradakı ölkələrdən heç biri nə İsrailin Qəzzaya, nə də əksinə, “HƏMAS”ın İsrailə hücum etməyəcəyinə dair zəmanət verib. Bunu həm Türkiyə prezidenti, həm də xarici işlər naziri etiraf ediblər. Misir sammitinə razılıq verməkdə Netanyahunun əsas məqsədlərindən biri əsirlərin geri qaytarılması idi. Düzdür, fələstinlilər və “HƏMAS” üzvlərinin də İsrail əsirliyində olanların xeyli hissəsi qaytarıldı. Fəqət, burada Donald Trampın da öz oyunları, öz qaydaları və planı var. Həmin planın icrasına da Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer başçılıq edir…
Misirdəki sammitdə İsrail Baş naziri və “HƏMAS” liderlərinin iştirak etməməsi heç də təsadüfi deyil. Görünür, Amerika Birləşmiş Ştatları Türkiyə tərəfindən xahiş edib ki, “HƏMAS”ı bu sülh sammitinin keçirilməsi üçün yola gətirsin. “HƏMAS”a qarşı isə çox ağır şərtlər qoyulmuşdu. Bəziləri qəbul edilsə də, digərləri də qəbul olunmayıb. İsrail tərəfini isə yola gətirən Tramp administrasiyası oldu. Burada “pərdəarxası” məsələlər bunlar idi…
Onu da diqqətinizə çatdırım ki, Qəzzanın bərpası və bölgəyə sülhməramlı hərbi qüvvələrin göndərilməsi kimi məsələlər də Toni Bleyerin nəzarətində olacaq. Bu planın həyata keçirilib-keçirilməyəcəyini zaman göstərəcək... Əgər İsrail və Fələstindəki hakim qüvvələr arasında sülh müqaviləsi imzalanmasa, bu münaqişə davam edəcək. Həmçinin Fələstin dövləti yaradılmadığı müddətdə bu prosesin nə qədər uzanacağı bilinmir. Belə vəziyyətlərdə isə İsrailin Qəzzaya və fələstinlilərin yaşadığı digər bölgələrə hücumlarının davam etməsi qaçılmazdır. Fələstin dövlətinin yaradılması məsələsi isə sual altındadır. Məlumdur ki, 1948-ci ildən bəri İsrailin bütün rəhbərləri Fələstin dövlətinin yaradılmasına qarşı çıxıb və çox güman ki, bundan sonra da bu cür bir təşəbbüsü əngəlləyəcəklər. Bir sözlə, Qəzzadakı vəziyyətin həlli yalnız Fələstin dövlətinin qurulması ilə mümkün ola bilər. Hazırda isə təəssüf ki, münaqişənin həlli üçün heç bir konkret və dayanıqlı əsas yoxdur.
– Necə hesab edirsiniz, Budapeştdə keçirilməsi gözlənilən Tramp-Putin görüşü baş tutacaqmı? Əgər baş tutarsa, bu görüşdə Ukraynada ədalətli sülhə doğru real bir addım atıla bilərmi?
– Birincisi, qeyd etmək lazımdır ki, bu görüş əvvəlcədən planlaşdırılmış bir görüşdür. Peskov da bunu təsdiqləyib. Putinin beynəlxalq münasibətlər üzrə köməkçisi Uşakov da bunu dəstəkləyib. Tramp isə həmişəki kimi ziddiyyətli fikirlər səsləndirir. Son məlumata görə, o, Ağ evdə jurnalistlərə deyib ki, iki gün ərzində Budapeşt görüşü ilə bağlı qərar veriləcək. Bütün bunlarla belə, hesab edirəm, hazırlıqlar gedir və hər hansı bir fövqəladə olay nəticəsində əngəl yaranmasa, bu görüş baş tutacaq. Zənnimcə, ABŞ və Rusiya liderlərinin görüşü üçün Slovakiyanın paytaxtı Bratislava daha uyğun bir məkan ola bilərdi, çünki bu ölkə Rusiyaya daha yaxın mövqedə olsa da, görüşün keçirilməsi üçün çəkinmədən şərait yarada bilərdi... Ukraynada ədalətli sülhə doğru hər hansı bir addım atılacağı məsələsinə gəlincə, bu görüşdən ciddi bir irəliləyiş gözləmirəm. Ola bilər, bu görüşə sürpriz kimi Zelenski də qatılsın. O da Budapeştdə keçiriləcək belə bir görüşə getmək istəmədiyini bəyan edib. Ukraynanın mövqeyi çox sərtdir. Buna səbəb, bir yandan, Macarıstan rəhbərliyinin putinpərəst mövqeyidir, xüsusilə də Budapeştdə 1994-cü ildə imzalanmış nüvə silahları ilə bağlı sazişin xatırlanması da məsələyə əlavə komplekslik qatır.
1994-cü ilin dekabrında Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın nüvə silahının yayılmaması müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təmin etmək üçün üç nüvə dövləti, Rusiya, ABŞ və Böyük Britaniya, sonradan isə Fransa və Çin memorandum imzalamışdılar. Memorandumda, həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatları öz əksini tapmışdır. Bu memorandum nəticəsində 1994–1996-cı illər arasında Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina etmişdilər. Fəqət, təəssüf ki, zaman bu sazişin Ukraynanın təhlükəsizliyinin qorunması üçün heç bir əhəmiyyəti olmadığını göstərdi...
Bütün hallarda Budapeşt görüşü baş tutsa da, öncə dediyim kimi, həmin görüşdən ədalətli sülh prosesi ilə bağlı ümumilikdə gözləntilərim yoxdur. Zənnimcə, Putin bu görüşdə “Tutduğum əraziləri saxlayıram”, – deyəcək, Zelenski isə Rusiya qoşunlarının işğal edilmiş ərazilərdən çıxmasını tələb edəcək. Təbii ki, Rusiya bununla razılaşmayacaq.
– Ukrayna ekspertləri iddia edirlər ki, NATO ölkələri ərazisinə, xüsusilə dron və qırıcı hücumlarından sonra, Avropa ölkələri Rusiyaya qarşı mübarizədə ortaq məxrəcə gələ bilmir. Bunun nəticəsində Putin yaxın illərdə Estoniyaya hücum edə bilər. Sizcə, belə bir hücum nə dərəcədə real ola bilər və NATO-nun buna reaksiyası necə olar?
– Tramp hakimiyyətə gəldikdən sonra Putin Avropaya hibrid hücumları intensivləşdirib. Məsələn, Polşaya, ardınca hətta Almaniyanın Münhen hava limanına, Danimarkanın paytaxtına dron hücumları, Estoniyaya qırıcı hücumları və s. kimi qəribə olaylar baş verib. Ola bilər ki, bu, Rusiya ilə ABŞ arasında razılaşdırılmış oyundur. Yəni Rusiya Avropaya, NATO ölkələrinə bu hücumları təşkil edir, ABŞ isə dolayısı ilə həmin ölkə rəhbərlərinə çatdırır ki, görürsüz, biz olmasaq, Putin sizi məhv edər. Amma Bayden administrasiyası zamanı belə hadisələr baş vermirdi... Konkret Estoniyaya hücumlara gəlincə, nəzərə almaq lazımdır ki, həmin Baltikyanı ölkədə rusdilli əhali və rusiyapərst qüvvələr var. Rusdilli əhaliyə münasibəti bəhanə edən Kreml digər Baltikyanı ölkələr kimi, Estoniyaya da qarşı xüsusi kin-nifrət bəsləyir. Putin qoşunlarının Estoniyaya, Narva şəhərinə nə vaxt, necə hücuma keçəcəyini proqnozlaşdırmaq çətindir... Bu yaxınlarda NATO Baş katibinin Rusiyanın NATO-ya, ümumiyyətlə, Avropa dövlətlərinə müharibə elan etməsi haqda maraqlı bir bəyanatı oldu...Bu günədək NATO Koreya savaşında, Əfqanıstanda, İraqda və sair əməliyyatlara ABŞ-ın xeyir-duası və dəstəyi ilə qoşulub. Bununla belə, Estoniyanın da NATO üzvü olduğunu unutmamalıyıq və bu mənada belə bir hücum Rusiya üçün çox riskli olardı və bu halda onun üçün ikinci Ukrayna bataqlığı yaranacağı ehtimalı böyükdür. Nəzərdən qaçırmayaq ki, NATO üzvləri arasında Rusiya ilə münasibətlərə həm də praqmatik yanaşmalar mövcuddur. Hər bir üzv ölkə fərqli maraqlara sahibdir, məsələn, bəzi NATO üzvləri Ukraynaya tam dəstək vermirlər. Sözsüz, Amerika, NATO Estoniyanı müdafiə etmək üçün qüvvə göndərə bilər, lakin bu, dünya siyasətinin mürəkkəbliyi nəzərə alındığında çətin olacaq. Estoniyanın öz mübarizəsi də vacibdir; dövlət və xalq bu cür bir işğala qarşı çıxmalıdır. Hesab edirəm ki, estonlar hər zaman öz torpaqlarını qorumağa hazır olan bir xalqdır... Təhlillər göstərir ki, Putin yaxın müddətdə nəinki Estoniyaya, hər hansı digər postsovet, yaxud Avropa ölkəsinə hücum etməyə cəsarət göstərməyəcək. Rusiya onsuz da Ukraynada xirtdəyəcən bataqlığa batıb.
– Prezident İlham Əliyev Astanadakı çıxışında qeyd etdiyi kimi, Ermənistana Qazaxıstandan daşınacaq taxıl Azərbaycanın ərazisindən keçirilə biləcək. Belə bir şəraitdə, necə hesab edirsiniz, Azərbaycan–Ermənistan Yekun Sülh Sazişinin imzalanması yaxın müddətdə mümkün ola bilərmi? Həmçinin gerçəklikdə hansı obyektiv və subyektiv amillər Sülh Sazişini ləngidə bilər?
– Ermənistanın Konstitusiya dəyişikliklər barədə referendumu 2026-cı ilin yayındakı parlament seçkilərindən sonra keçirəcəyi gözlənilir. Mən iki ölkə arasında qarşılıqlı etimadı gücləndirən addımların artdığını görürəm. Hələlik, Azərbaycan–Ermənistan Yekun Sülh Sazişinin imzalanmasının yaxın müddətdə baş verəcəyini düşünmürəm. Bu prosesin çox yavaş və mərhələli şəkildə irəliləyəcəyini zənn edirəm. Hələ həll olunmamış çoxsaylı məsələlər var; məsələn, sərhəd, delimitasiya, demarkasiya, eləcə də digər texniki və hüquqi məsələlər və sair Gələcəkdə, məsələn, ilin sonuna yaxın və ya 2026-cı ildə bu cür müqavilənin imzalanması üçün yaxşı şanslar yaranacaq. Bu, təbii ki, hər iki tərəfin siyasi iradəsinə və beynəlxalq faktorların rolu ilə bağlı olacaq...
– “Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir”. Bu sözləri də İlham Əliyev Astanada söyləyib. Sizcə, sülh sazişi imzalanmamış Zəngəzur yolunun açılması mümkün olacaqmı?
– Prezident İlham Əliyev Astanada başqa bir fikir səsləndirib. O, Zəngəzur yolunun 2028-ci ilə qədər açıla biləcəyini vurğulayıb. Bu, çox mühüm bir açıqlamadır, çünki bu layihə yalnız Ermənistanla deyil, ümumilikdə, Cənubi Qafqaz regionunda iqtisadi əlaqələri gücləndirəcək bir addım olacaq. Zəngəzur yolunun açılması, sülh müqaviləsinin imzalanmasından əvvəl baş verə bilərmi? Mən düşünürəm, hazırda bu məsələnin reallaşması üçün çox sayda diplomatik və siyasi maneələr mövcuddur. Ermənistanla, xüsusilə də bu məsələ ilə bağlı, qarşılıqlı etimadın tam bərpa edilməməsi bu cür addımların atılmasını çətinləşdirir. Layihə üzərindəki işlər davam edir və hər iki tərəf arasında əslində dəhlizin istifadəyə verilməsi məsələsi müzakirə olunmaqdadır... İlham Əliyev, xüsusən də Zəngəzur yolunun açılması ilə bağlı bəzi perspektivləri gözləyir və layihənin reallaşması üçün mühüm diplomatik addımlar atılmaqdadır. Təbii ki, bu cür layihələr və tranzit kommunikasiya məsələləri bir çox məqamlardan asılıdır. Bu da o deməkdir ki, TRİPP layihəsinin reallaşması, yalnız sülh müqaviləsinin imzalanmasından sonra deyil, paralel olaraq da baş verə bilər. Sözsüz, bu, çox mürəkkəb bir prosesdir, amma 2028-ci ilə qədər bu layihənin gerçəkləşməsi, yəni Zəngəzur yolunun açılması mümkündür...
Sultan Laçın